Aparıcı Zaur Kamal: “Mənim proyektimi oğurlayıblar”

Başlayaq kimliyindən… Zaur kimdir?

- Mən də hamı kimi sadə bir ailədə dünyaya göz açmışam. Gürcüstanlıyam. Elə uşaqlıqdan aparıcı olmaq arzusu ilə yaşamışam. Ancaq radio aparıcısı olacağımı düşünməmişdim. Televiziya aparıcısı olmaq istəyirdim. Elə İncəsənət İnstitutuna da o arzu ilə gəldim. Ancaq konkret aparıcılıq fakültəsi olmadığından sənədlərimi televiziya rejissorluğu fakültəsinə təqdim etdim. Düşünürdüm ki, təsadüfən televiziyaya gəlmək çətin olacaq. Televiziya rejissorluğu sahəsi məni aparıcılığa aparan bir yol kimi idi. Hesab edirdim ki, televiziya rejissoru sahəsində mütləq özümə bir cığır açacam ki, aparıcılıq arzum reallaşsın. Artıq ali məktəbdə oxuyanda mənə Rafiq Hüseynov, rəhmətlik Həsən Əbluc dərs deyirdilər. Onlar mənə məsləhət gördülər ki, sənin səsin qəşəngdir, radioya yatır, radio aparıcısı ol. Ali məktəbi bitirdikdən sonra radioya üz tutdum. Səsimi yoxladılar, çox bəyəndilər. Qara Tağızadənin məsləhəti ilə radioda çalışmağa başladım. Hərbi xidmətə getdikdən sonra yenə bu sahədə çalışmaq qərarına gəldim. Sözün düzü, o zaman bir az qeydiyyatla bağlı problemim var idi. Nəsə, radioda aparıcılar tələb olunduğunu eşitdim. Düzü bilmirdim ki, “Bürc FM”-dir. Gəldim. Səsimə qulaq asdılar, işə götürdülər. İndiyə qədər də yadımdadır, 8 Mart Qadınlar Bayramına bir həftə qalmışdı. 8 mart günü dedilər ki, efirə çıxa bilərsən. Çıxdım. Beləcə Zaurun radiodakı fəaliyyəti başladı.

“Elə bil əvvəllər mahnı oxuyan mən deyildim…”

- Uşaqlığını necə xatırlayırsan?

- (Yarızarafat, yarıgerçək çox “krupnı”, yəni dolu uşaq olduğunu deyir.) Çox kök uşaq idim. Həm də dəcəl idim. İndi oğlum da eynən mənə oxşayır. Anam da deyir ki, oğluna baxanda uşaqlığın gözümün qabağına gəlir. Hətta xarakterimizdə də çox oxşarlıq var. Yenə deyirəm, uşaqlıqda məkana, yerə-göyə sığmayan uşaq olmuşam. Bir yerdə dayanmırdım. Hə, bir də uşaqlıqda çox gözəl səsim var idi. Yadımdadır ki, yaxşı xalq mahnıları oxuyurdum. 11-ci sinfə qədər səsim var idi, sonra musiqi duyumum itdi. Elə bil əvvəllər mahnı oxuyan mən deyildim. İndi musiqinin ritmini tuta bilmirəm, heç sözlər belə yadımda qalmır. Bircə onu bilirəm ki, televiziya məni özünə çəkirdi.

“Qızlardan tez bezirdim, ailəm deyirdi bundan arvad saxlayan olmayacaq”

- Dəli-dolu gəncliyin olub, ya…

- Tələbəlik illərim bir çoxları kimi keçməkeşli olub. Bilmirəm, bu, məndə mənfi keyfiyyətdir, ya yox. Ancaq mən insanlardan tez bezirəm. Bunu yoldaşım da, evdəkilər də bilirlər. Bir insanla bir il, iki il dostluq edirəm, sonra ondan bezirəm, yoruluram.

- Qızlardan da tez bezirdin, ya bu, elə bütün dostlarla münasibətdə də belə idi?

- (Gülür) Yox, təbii ki, qızlardan tez bezirdim. Az müddət ərzində tanıdığım qızlardan yorulurdum, ünsiyyətdən bezirdim.

- Bəlkə açıq danışasan. Qızlar səndən bezirdi, ya sən qızlardan?

- Mən, mən. Özüm bezirdim. Səbəbi mənə həm aydındır, həm də yox. Hətta evdəkilər deyirdilər ki, bundan ailə, arvad saxlayan olmayacaq. Ailə quranda bu xasiyyətimi yoldaşıma da dedim. Dedim ki, mən insanlardan, xüsusilə qadınlardan tez bezirəm.

- Səni bezdirən nədir?

- Ümumiyyətlə, həyatda qeyri-adiliyi sevirəm. Eyniliyi xoşlamıram. Hər gün yuxudan dur, işə gəl, efirə çıxdın, işini tamamladın, qayıt evə. Bunlar təkrarlananda bezidirici olur. Hər bir insan çalışmalıdır ki, həyatında hər gün dəyişiklik olsun.

- Həyat yoldaşınız digər xanımlardan necə fərqlənə bilib ki, sizi bezdirməyib? Ürəyinizi oğurlaya bilib?

- O… Düzdür, mən özüm səmimi olmağı sevən insanam. Ancaq çox açıq danışmaq da istəmirəm. Hər halda fərqlənə bilib. O fərqi gördüm deyə onunla ailə qurdum. Mənim hər gün əhval-ruhiyyəm başqa olur.

- Oynaya bilirmi əhval-ruhiyyənlə?

- O bilir ki, mən hər şeydən tez bezirəm. Bunu tez hiss edir. Bir söz deyim, yəqin güləcəksiz. Oğluma oyuncaq alırıq, veririk ona. On beş dəqiqədən sonra həmin oyuncaqdan bezir, atır. Yoldaşım deyir, oğlun da eynən sənə oxşayır. Uşaq olsa da, bir oyuncaqla heç olmasa 10 gün oynaya bilmir. Şəhərə aparırıq, “Torqovı”da bahalı bir oyuncağa gözü düşür, alırıq, evə gələndə artıq oyuncağa qarşı marağı ölür.

- Sualımızdan nədənsə qaçdın. Necə oldu ki, sənin kimi, xanımlardan tez bezən insan həyatını bir qadınla bağlamağa razı oldu?

- Sözün düzü, xarakterimə yaxın insandı. Mən həmişə çalışırdım ki, ailə quracağım qadın mənim sözümlə oturub-dursun, məni eşitsin. Əgər mən bunu belə xoşlayıramsa, bunu mənimçün belə etmək lazımdır. Bayaqkı söhbətə qayıdırıq. Bəlkə də o qızlardan ona görə bezirdim ki, mənim dediyimi etmirdilər.

“İnsanları özümdən rədd edirəm”

- İnsanları özünə tabe etmək, səncə nə dərəcədə düzgündür?

- Sözün düzü, mən insanları özümdən rədd edirəm. Bunun nə dərəcədə düzgün olub-olmadığını deyə bilmərəm. Həmişə öz fikrimin üstündə dururam.

- Hətta səhv olsan belə? Ümumiyyətlə, peşman olduğun vaxt olur?

- Heç vaxt peşman olmuram. Heç vaxt, heç bir addımıma görə peşmançılıq hissi keçirmirəm.

- Niyə? Özünə etirafdan qorxursan?

- Demək istəyirsiz ki, peşman olduğumu boynuma almıram?

- Ən azı özünə etiraf etməyi də bacarmaq lazımdır…

- Mən hər hansı addım atanda düşünmürəm ki, bu səhv ola bilər. Düşünülmüş şəkildə hansısa addımı atmıram.

- Sənə qəliz insan demək olar?

- Yəqin, hə. Bəzən üzümə də deyirlər ki, çox qəliz xarakterim var. Hətta qeyri-adi adam olduğumu da deyirlər. Yenə deyirəm, adam var bir addımı atmamış düşünür ki, bunun sonu necə olar, mənim üçün bunun önəmi yoxdur. Efirə çıxanda da beləyəm.

- Elə təəssürat yaratdın ki, sanki səni heç nə düşündürmür…

- Gələcəyimi fikirləşirəm. Düşünürəm ki, nə vaxta qədər aparıcı olacam? Nə işləyəcəm ki, ailəmi dolandıracam. Ailəmin sabahını, onların maddi təminatını düşünürəm.

- Söhbətimizin əvvəlində oyuncaqdan danışdıq. Belə bir fikir var ki, qadınlar dünyanın ən təhlükəli oyuncaqlarıdır. Bununla razılaşırsanmı?

- Hər bir qadının səhv hərəkətində bir kişinin barmağı olur. Əgər hər hansı qadın nə vaxtsa axmaq bir hərəkət edirsə, deməli, orada mütləq bir kişinin barmağı var.

- Bir barmaq bir qadının həyatını nə qədər dağıda bilər?

- O barmaq çeçələ barmaq qədər də ola bilər, ondan da uzun olar. İstənilən halda bir barmağın bir insanın, bir qadının həyatını dağıtmağa gücü yetər.

“Küsən sənətçilərə efirdə qadağa qoyuram”

- Sənətçilərdən səndən inciyən olurmu?

- Çox. İnciyən olur. Bir ay , iki ay danışmırlar, mən də efirə qadağa qoyuram, mahnılarını vermirəm, sonra barışırıq.

- Buna vəzifədən sui-istifadə demək olar?

- Yox, o, bir hərəkət edir, mən də onun cavabını bu şəkildə verirəm. Efirdə biabır etmirəm ki…

- Özləri gəlib barışır?

- Demək olar ki, əksər hallarda, bəlkə də həmişə.

- Bu, səni qane edir? Hesab etmirsən ki, onlar Zaur xatirinə yox, efir xatirinə səninlə barışırlar?

- Bəlkə də elədir. Ancaq onlar arasında Zaur xatirinə mənimlə barışanlar da var. Ancaq çox səmimi danışsam, sənətkarla oturub-durmağı sevmirəm. Hesab edirəm ki, onlarla çox ünsiyyət quranda, səmimi olanda başın ağrıyar.

- Bəs əslində onlarla səmimi olmayan Zaur efirə çıxanda qeyri-səmimilik onun üçün problem yaratmır ki? Axı tamaşaçı səmimi və qeyri-səmimi münasibətləri tez sezir.

- Axı mən efirdə qeyri-səmimi olmuram. Efir vasitəsilə yadıma gəlmir ki, kimisə tərifləyim. Tənqid etdiyim, irad bildirdiyim vaxtlar olub. Tərifəlayiq olmayanı isə tərifləmirəm. Ona görə də qeyri-səmimilik mənim verilişlərimdə hiss olunmur. Yalandan kiməsə “sən gözəlsən” deyə bilmirəm, demirəm də. Deyirəm sən busan, vəssalam. Yarızarafat da olsa, yarıgerçək də olsa, həqiqəti açıqlayıram.

- Hesab etmirsən ki, sən hər kəsə subyektiv mövqe tutmağa üstünlük verirsən?

- Əslində mən neytral mövqeyə üstünlük verirəm. Amma təbii ki, subyektiv münasibətlərim olur.

- Yəqin ki, bizə qədər də bunu sənə deyən olub. Aparıcı Zaur efirə qədər tamaşaçıda fərqli təəssürat yaratmışdı. Yəni, sənin səsin başqa bir insanı yada salırdi… Efirə çıxandan sonra səsinin yaratdığı təəssüratı darmadağın etdin…

- Hə, bunu mənə deyən olub. Siz necə təsəvvür edirdiz? Yaşlı adam?

- Yaşlı adam olmasa da, hər halda fərqli təəssürat idi. Açıq danışırıqsa, radiodakı Zaur tamaşaçıya fikrimizcə, daha yaxın idi.

- Radio qapalı bir yerdir. Orada mənim asqırmağımı və ya hər hansı bir səhv hərəkətimi kimsə görmür. Bir sözlə, qüsur hiss olunmur. Efir isə vizual görünüş baxımından da tamaşaçıya çox söz deyə bilir. Həqiqətən mən radiodan sonra televiziyaya çıxanda qınayanlar da oldu. Dedilər ki, nahaq çıxmısan. Elə gərək radioda qalaydın. Ancaq əks fikirdə olanlar da var. Bəziləri deyir ki, yaxşı etdin efirə çıxdın. Hətta bəziləri deyir ki, verilişə müğənniyə görə yox, sənə görə baxırıq.

“Radioda qazandığım reytinqi hələ ki televiziyada qazanmamışam”

- Qəbul edirsənmi ki, əslində sən radioda özünü tapdın?

- Bəli. Müxtəlif fikirlər səsləndisə də, etiraf edim ki, mən radioda Zaur oldum. Qəbul edirəm ki, mən radioda qazandığım reytinqi hələ ki televiziyada qazanmamışam. Uzun illərdir ki, radio verilişləri arasında mənim verilişimin reytinqi həmişə birinci olub. O verilişin reytinqini kimsə qıra bilməyib. Ancaq bu, o demək deyil ki, mən televiziyada uğurlarımı itirdim. O fikirlə razılaşmıram. Elələri var ki, radiodan televiziyaya gedəndən sonra tamamilə uğursuzluqla üzləşirlər. Ancaq mən televiziyada da uğur qazandım.

- Zaur, deyirlər teleməkanda adaşın olan «Yağ kimi Zaurla» heç ulduzlarınız barışmır?

- Mənim o insanla konkret olaraq problemim yoxdur. Onu şəxsən tanımıram. Elə mən də sizin kimi ordan-burdan nəsə eşidirəm.

- Nə eşidirsən?

- Nə bilim. Eşidirəm də….

- Niyə, aranızda belə soyuq müharibə hökm sürür ki?

- Mən heç kimlə müharibə aparmıram. Söz-söbbət isə hər sahədə olur. Sadəcə hərdən qulağıma çatır ki, mənim adımı eşidəndə aqressiv olur. Hətta mənə onu da deyiblər ki, toy məclislərindən birində onu dəvət edəndə Ay Zaur deyə müraciət ediblər, o da bundan yaman qəzəblənib.

- Aranızda rəqabət var, ya paxıllıq?

- Mən onu deyə bilərəm ki, mənim kimsəyə qarşı paxıllığım yoxdu. Ola bilər aramızda söz aparıb gətirənlər olub. Hətta deyirlər ki, o saç düzümünü də məndən sonra dəyişib. Nə bilim, elə məqamlar olur ki, ondan danışırlar.

- Hər ikiniz sanki bir-birinizin acığına Zeynəb xanımla bağlı veriliş hazırladınız….

- Məsələ ondadır ki, o, Zeynəb Xanlarovadan xalq artistimiz Türkiyədə olarkən veriliş hazırlayıb. Zeynəb xanım isə son illərdə yeganə veriliş «Ay Zaur» oldu ki, o verilişin qonağı oldu. Özü də nə az, nə çox, düz 3 saatlıq veriliş hazırlandı. Yenə deyirəm mən heç kimlə rəqabət aparmıram. Mən sevdiyim işi görürəm. Çalışıram ki, maraqlı verilişlər tamaşaçıya təqdim edim.

- Deyəsən istirahətdən gəlmisən? Özü də deyirlər, elə orda olanda da səni “Yağ kimi” Zaurla səhv salıblar…

- Hə… Hardan bildiniz ki, istirahətdən gəlmişəm? Bu sözü kimdən eşitsisiz? Həqiqətən istirahətdə idim. Azərbaycanın əksər bölgələrində istirahədə oldum. Bəzi insanlar həqiqətən məni o Zaurla səhv salırdılar. Deyirdilər ki, bəs eşitmişik sənin üçün bir qız maşın alıb. Sonra biləndə ki, yox, mən o Zaur deyiləm, çaşan da olurdu. Yəni., doğrudan da məni “Yağ kimi” Zaurla qarışdıranlar oldu.

“Populyar olmaqdan bezmişəm”

- Yeni mövsümdə yeni layihə nəzərdə tutursan?

- Təbii ki, televiziya yeniliyi sevir. Artıq myeni mövsümdə fərqli bir proyektlə tamaşaçı qarşısına çıxmağı düşünürəm. Hələki, proyekt bardə geniş açıqlama vermək istəmirəm. Ancaq sizə bunu açıqlayıram ki, yenilik olacaq, fərqli formatda bir verilişlə tamaşaçı qarşısında olmaq istəyirəm. Mən elə bilirdim «Ay Zaur» 2 ildir efirdədir. Sən demə, 3 il imiş.

- Bəs nə əcəb ixtisasın üzrə fəaliyyət göstərməyi düşünmürsən? Yəni rejissor kimi.

- Siz deyəsən mənim ürəyimi oxudunuz. Bu mövsümdə istəyirəm ki, konkret öz ixtiasasım üzrə də özümü sınayım. Rejissor kimi. Düzünü desəm, populyarlıqdan bezmişəm. Populyar olmaq insanın sərbəstliyini əlindən alır. Mən istirahətə gedəndə bunun fərqinə daha çox vardım. Səni tanıyırlar deyə sərbəst ola bilmirsən. Radioda uğurlarım oldu, televiziya aparıcısı kimi də sevilə bildim. İndi rejissor kimi fəaliyyətimin vaxtı çatıb.

- Səni parodiya edənlər oldu. Parodiyalara münasibətin necədi? Sənin parodiyanda haqqında bəzi ifadələr birmənalı qarşılanmadı da…

- Mənim parodiyaya münasibətim normaldı. Bəli, «Bu şəhərdə»nin uşaqları parodiya etdilər. Əslində onlar məni yox, Səbuhini parodiya ediblər. Məsələ ondadır ki, bizim səslərimizi oxşadanlar çox olub. Əvvəllər radioda olduğum üçün məni üzdən o qədər də tanımırdılar. Səs oxşarlığımız olduğu üçün hətta bəziləri elə bilirdi ki, Səbuhinin apardığı dini verilişi də mən aparıram. Mən Müşfiqgilə də bunu bildirdim. Özüm də gəib oturmuşdum, baxmışdım. Parodiyaya pis baxmıram. Ancaq onların təqdim etdiyi tipaj mən deyildim. Bunu Müşfiqə də bildirdim. O da qəbul etdi. Dedilər ki, gələcəkdə bunu nəzərə alıb, fərqli bir parodiya təqdim edəcəklər. Ancaq yenə deyirəm ki, oxşar parodiya olsa da, normal baxıram. Yəni, o parodiyada anlaşılmazlıq olmuşdu. Parodiyada alçaldıcı heç nə yoxdu. Sadəcə oxşatmaq mumkundüsə, olsun.

- Bu gedişlə Zaur hara gedir?

- Düzünü deyim, hərdən özüm də bu barədə düşünürəm. Fikirləşirəm ki, radioda tanındım, istənilən səviyyəyə gəlib çatmışam. Televiziyaya da çıxdım, aparıcı kimi tanınıb sevilirəm. Bəs bundan sonra? Sonra fikirləşirəm ki, başqa bir sahəyə gedim, öz işim olsun. Nəsə bu mühitdən uzaqlaşa bilmirəm. Düz deyirsiniz, nə vaxta qədər aparıcı olacam? Əvvəllər bilmirdim camaat məni istəyir, ya yox? Çünki üzdən tanımırdılar. Deyirdim radioya zəng vuranlar da elə-belə, yalandan tərifləyirlər. Ancaq televiziyaya çıxandan sonra o sevgini hiss etməyə başlamışam. Adi uşağın belə təbəssümünü görəndə hiss edirsən ki, nə qədər səmimidir. Bundan ləzzət alıram.

- Bəs efirə çıxmağın sənə çətinlik yaratmadı ki?

- Bir az yaratdı. Çünki efirdən tanınanda istəsən də, istəməsən də səliqəli geyinməlisən, hərəkətlərinə fikir verməlisən. İşdə də, evdə yoldaşım da deyir ki, yaxşı geyin, səni tanıyırlar. Yoldaşım narahat olur. Deyir ki, efirdə tanıdıqları üçün daha səliqəli, daha zövqlü görünməlisən.

“Radioya qoyduğum mövzuları yuxuda görürəm”

- Sevilməyindən, populyar olmağından çox danışdın, elə bil səndə də ulduz xəstəliyi hiss olunur…

- Televiziyaya gəlişimdən sonrakı dönəmi nəzərdə tutursuz? Bayaq dedim axı, bəziləri deyir ağlın yoxdur ki, efirə çıxdın. 9 ildir ki, radio verilişləri arasında reytinqdə birinciyəm. Nəyinə lazımdır efirə çıxasan? Mən radio aparıcısı kimi pik nöqtəmə çatmışam. Ən korifey sənətçi bu gün Zeynəb Xanlarovadır, o da mənim qonağım olub. Polad Bülbüloğlunu da dəvət etmişəm. Daha kim qaldı? Daha nə lazımdır ki, mənə? Sonra baxıram ki, yox. Radioda mənim işim tükənməyib.

- Onda qəbul edirsən ki, radiodakı Zaurun uğuru cəmiyyətdə daha çox qəbul olundu?

- Qəbul edirəm. Mənim öz üslubum var.

- Radioda olanda mövzuların müxtəlif şaxəli olur.

- Qəribə də görünsə, mən radioya qoyduğum mövzuları çox zaman yuxuda görürəm. Hətta əvvəllər telefona yazırdım, indi yanımda diktofon qoyuram. Gecə saat 4-də də oyansam, dərhal onu yazıram ki, yadımdan çıxmasın. Olub ki, yuxuda maraqlı bir mövzum olub. Səhər durmuşam, yadımdan çıxıb. Nə qədər fikirləşmişəm, yadıma düşməyib. Efirə 5 dəqiqə qalmış yadıma düşüb. Ya da efir başlayana qədər mövzunu təyin edə bilməmişəm. Sonda könlümdən nə keçibsə, o barədə danışmışam.

- Ümumiyyətlə, qəliz mövzuları sevirsən, yoxsa sadə məişəti?

- Düzünü deyim ki, qəliz mövzuları. Bəlkə bu da mənim xarakterimdən irəli gəlir. Belə mövzuları daha ürəklə işləyirəm. Hətta axtarışlarım da olur.

- Efirdə öz verilişlərinə baxırsan? Qüsurlarını tuta bilirsən?

- Baxıram. Hətta olub ki, bir verilişə iki-üç dəfə təkrar baxmışam. Ancaq hesab etmirəm ki, burda nəyisə dəyişmək lazımdır. Yenə bayaqkı məsələ oldu. Peşman olmuram. Sadəcə, hərdən hiss edirəm ki, gözümün altı qara düşüb və ya saç düzümüm dağılıb. Bu da ondan irəli gəlir ki, radioda verilişim bitən kimi çəkilişə gedirəm, yorğun oluram. Ancaq başqa qüsurumu görmürəm.

“Nazirin bağını çəkib efirə verdim”

- Verilişdən sonra sənə minnətçi düşən sənətçilər olubmu ki, filan yeri kəs, montaj elə…

- (Yenə gülür) Olur, çox olur. Çəkirəm, deyir filan yerini vermə. Onu deyəndə əgər verməyəcəkdimsə, mütləq verəsi oluram.

- Yəni dəlinin yadına daş salırlar?

- Hə, lap elədir. Dəlinin yadına daş salırlar. Bəlkə də deməsəydilər, verməzdim. Ancaq deyəndə nədənsə qıcıqlanıram. Bir dəfə bir müğənninin bağında çəkiliş aparırdım. Əlini uzadıb yanındakı bağı göstərib dedi ki, bu, filan nazirin bağıdır. Yəqin ki, efirə verməzsiniz. Elə onun dediyi sözü olduğu kimi efirə verdim, bağı da göstərdim. Burda nə var ki?

- Bəs sənə rüşvət təklif edən necə, olubmu?

- Əgər ona rüşvət demək olarsa, adını elə qoyun. Ancaq hədiyyə edən olub. Xatirə İslam qızıl qolbağı hədiyyə edib. Ətir hədiyyə edənlər də olub. Ancaq bunlar mənim aparıcılıq missiyama təsirini göstərməyib.

- Sənin proyektlərin də oğurlanıb deyəsən…

- Bu barədə çox danışmaq istəmirəm, ancaq olub. Radio proyektlərimi də oğurlayıblar. Məni digərlərindən fərqləndirən o olub ki, kitab dili ilə camaatla danışmamışam. Efirdən də elə loru dildə danışmışam ki, sadə adamlar fikirlərimi anlasın. Necə deyərlər, nazir də başa düşür, kəndçi də. Kiminsə üslubuna meyil göstərməmişəm. Bəlkə elə ona görə də uğur qazanmışam. Bir də ola bilər ki, mən ikibaşlı mövzulara üstünlük vermişəm. Bu, maraq doğurub. Mən radioda olanda müəyyən teleproyektlərim satıldı. Hətta bir sənətçinin yanında proyekt barədə danışmışdım. Az sonra həmin proyekti başqa bir telekanalda gördüm. Həmin sənətçiyə iradımı bildirdim. And-aman elədi ki, mən heç nə deməmişəm. Ancaq bu gün televiziya aparıcısı kimi bir çox proyektlərin həyata keçməsi üçün imkanlarım var. Ümid edirəm ki, yavaş-yavaş onlar da reallaşacaq. Oğurluq edənlər isə göz qabağındadır. Bu gün xarici ölkələrdə yaşayan sənətçilərin evinə qonaq gedənlər mənim proyektimi oğurlayıblar. Ancaq layihələr bununla bitmir.

- Səhv etmirəmsə, toylarda tamadalıq da etmisən…

- Tamadalıq yox, aparıcılıq etmişəm. Toylara gedəndə də məni təqdim edəndə deyirlər ki, tamada Zaura söz verilir. Deyirəm ki, tamada yox, aparıcıya. Çalışıram ki, idarə etdiyim toylarda da efir təəssüratı yaradım. Bir də toylarada aparıcı olanda çıxışlara çox yer vermirəm, özüm də lazım olan qədər danışıram. Elə hiss edirəm ki, verilişdəyəm. Toyu elə veriliş kimi aparıram. Arada mikrofonla qonaqlara yaxınlaşıb onlarla həmsöhbət oluram. Müəyyən kadrları sonra reklam kimi də götürənlər olur. Sonda toy sahibi də razı qalır./milli.az

You can leave a response, or trackback from your own site.

Bir şərh ~ “Aparıcı Zaur Kamal: “Mənim proyektimi oğurlayıblar””

  1. tomris says:

    sizi bir dc ve aparici kimi cox beyenirem size her iwinizde uqurlar arzulayiram

Şərhini yaz, fikrini bildir